CƏMİYYƏT
Quraşdırılacaq yeni dopler radar qurğuları ölkəmizin hidrometeoroloji monitorinq şəbəkəsini daha da təkmilləşdirəcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılmasına başlanılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov AZƏRTAC-a bildirib ki, quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək.
Direktor müavininin sözlərinə görə, bu yaxınlarda nazirliyin əməkdaşlarından ibarət bir qrup ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə ABŞ-ın Alabama ştatında səfərdə olub. Səfər çərçivəsində nazirliyin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək.