SİYASƏT
Qurban Əliyev: Azərbaycanın inkişafı, hərbi qüdrətinin artması bir sıra xarici qüvvələri, düşmənlərimizi ciddi narahat edir
Gəncə, 13 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanın ildən-ilə inkişafı, hərbi qüdrətinin artması bir sıra xarici qüvvələri, düşmənlərimizi ciddi narahat edir. Həmin qüvvələr müstəqil siyasət yürüdən Azərbaycana öz siyasətlərini diktə edə bilmirlər. Ona görə də Azərbaycana qarşı məkrli planlar hazırlanır və onu həyata keçirmək üçün fürsət axtarırlar.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Qurban Əliyev deyib.
Əlli ildir Gəncədə yaşayan professor qeyd edib ki, son illərdə şəhərdə geniş abadlıq-quruculuq işləri aparılıb: “Yeni yollar çəkilir, əvvəlki dar və yöndəmsiz yollar genişləndirilir, işıqlandırılır, siyasi, elmi-mədəni, kütləvi tədbirlərin keçirilməsi üçün müasir mərkəzlər tikilir. Şəhərin tarixi memarlıq ənənələri qorunmaqla ucaldılan yeni çoxmərtəbəli yaşayış binaları göz oxşayır. Nümunəvi məhəllələr yaradılır, yeni əyləncə-istirahət mərkəzləri, parklar, xiyabanlar sakinlərin ixtiyarına verilir. Bu illər ərzində həm də sakinlərin məişət şəraitinin və sosial problemlərinin aradan qaldırılması üçün çox işlər görülüb. Şəhərin çoxmərtəbəli binalarının hamısının dam örtüyü yenilənib, binalara gələn işıq, qaz və su xətləri dəyişdirilib. Hazırda Gəncə şəhərinin 24 saat içməli su ilə təminatı üçün beynəlxalq layihə icra edilir. Şəhərin bütün prospekt, küçə və məhəllələrarası su və kanalizasiya xətləri yenilənir. Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün bölgələrində görülən işlərin davamıdır. Bu cür işlər yalnız bölgələrimizi gözəlləşdirmir, həm də xalqın maddi rifah halını yüksəldir. Çünki, həmin tikinti-quruculuq işləri həyata keçirilərkən şəhər sakinləri də işlə təmin olunurlar”.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktını, bir həftədən sonra isə şəhərin mərkəzində bir qrup dini radikal şəxs tərəfindən törədilən iğtişaş nəticəsində iki yüksək rütbəli polis zabitinin amansızlıqla qətlə yetirilməsini ölkəmizin inkişafını istəməyən xarici qüvvələrin planlarının tərkib hissəsi olduğunu söyləyən Qurban Əliyev deyib: “Bu cür hadisələr Azərbaycanın müstəqilliyinə, onun dövlət əsaslarına qarşı qəsddir. Təxribatlar böyük güc mərkəzləri tərəfindən ölkəmizdə xaos, qarışıqlıq, anarxiya yaratmağa hesablanıb. Həmin mərkəzlər Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olduğunu əsas götürüb. Lakin, onlar unudurlar ki, müasir müstəqil Azərbaycanda güclü dövlət var. Biz hələ 100 il bundan əvvəl bütün türk dünyasında və müsəlman aləmində ilk demokratik respublikanı qurmuşuq. Bu dövlət hələ o vaxt Avropanın demokratik ölkələrini geridə qoyaraq bir çox siyasi ilklərə imza atıb. Həmin dövlətçilik ənənəsi bu gün də davam edir. Bugünkü müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisidir. Yolumuz demokratiya, hüquq və inkişaf yoludur. Heç bir qüvvə Azərbaycan xalqını bu yoldan çəkindirə, xalq-iqtidar birliyini sarsıda bilməz”.
“Son günlər Gəncədə baş vermiş terror aktını, cinayət əməllərini lənətləyir, cinayətkarların hamısının qanun qarşısında cavab verməsini istəyirik”, - deyə Aqrar Universitetin professoru qeyd edib.