İDMAN
Qurban Qurbanov: Avropa Liqasındakı oyunlar bizim üçün yaxşı təcrübə olacaq
Bakı, 29 avqust (AZƏRTAC). Ağdamın “Qarabağ” komandası Avropa Liqası yarışlarının qrup mərhələsində İtaliyanın “İnter” (Milan), Fransanın “Saint-Etienne” və Ukraynanın “Dnipro Dnipropetrovsk” kollektivləri ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov püşkatmanın nəticələri ilə bağlı fikirlərini bildirib.
Q.Qurbanov qeyd edib ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəyimizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. “İnter” (Milan) komandasının dünya futbolunda mövqeyi məlumdur. Bunu müzakirə etməyə belə dəyməz.
“Saint-Etienne” Fransanın ən titullu komandasıdır. Bu kollektivin üzvləri cari mövsümə də olduqca yaxşı başlayıblar.
“Dnipro Dnipropetrovsk” isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda bu komanda çempionatda xal itirməyib.
Avroliqadakı oyunlar bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlərimiz və futbol ictimaiyyəti keçirəcəyimiz görüşlərdən zövq alacaqlar .