İDMAN
Qurban Qurbanov: Mübarizə aparacaq və çəkinmədən oynayacağıq VİDEO
Madrid, 30 oktyabr, AZƏRTAC
"Qarabağ" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Madriddə “Atletiko” komandasının qonağı olacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov Madriddə oyundan əvvəl keçirdiyi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini səsləndirib. O qeyd edib ki, “Qarabağ” ilk növbədə rəqibin hücumlarının qarşısını almağa çalışacaq və əlbəttə, imkan düşdükcə hücuma keçəcək.
Jurnalistin Pedro Enrikenin meydançaya çıxıb-çıxmayacağı ilə bağlı sualını cavablandıran Q.Qurbanov deyib: “Bununla bağlı qərar oyun günü veriləcək. “Atletiko” komandasının bu mövsüm yalnız bir oyunda məğlub olduğunu nəzərə alsaq, bizim üçün çətin olacaq. İspaniya klubundan aqressiv oyun gözləyirik. Buna görə də komandamızın soyuqqanlı olması vacibdir”.
Q.Qurbanov daha sonra qeyd edib ki, əlbəttə “Atletiko” daha yaxşı komandadır və biz məqsədimizə yalnız əzmkarlıq sayəsində çata bilərik. “Onu söz verə bilərəm ki, mübarizə aparacağıq, çəkinmədən oynayacağıq. Biz ümidliyik”, – deyə baş məşqçi vurğulayıb.
Mətbuat konfransından sonra “Vanda Metropolitano” stadionunda "Qarabağ" komandasının media üçün açıq məşqi keçirilib.
Daha sonra “Atletiko Madrid” komandasının kapitanı Qabi və baş məşqçi Dieqo Simeone jurnalistlər qarşısına çıxıblar. Bakıda keçirdiyi oyunun nəticəsinə görə “Atletiko”nun çox tənqid olunduğunu xatırladan ispaniyalı jurnalistlərin bu barədə suallarına cavab vermək istəmədiyini deyən Simeone məsələnin keçmişdə qaldığını, diqqəti qarşıdakı oyuna yönəltdiklərini bildirib.
“Atletiko Madrid” komandasının kapitanı Qabi Bakıda “Qarabağ”ın gücünə şahid olduqlarını deyərək, bu dəfə başqa oyun olacağını bildirib. Qeyd edib ki, rəqibin niyyətindən asılı olmayaraq, nəzərdə tutduqları oyunu oynayacaqlar.
Xatırladaq ki, “Atletiko” – “Qarabağ” qarşılaşması oktyabrın 31-də keçiriləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid