İDMAN


Qurban Qurbanov: “Roma” ilə oyunda güclü olduğumuzu sübut etməyə çalışacağıq

Bakı, 26 sentyabr, AZƏRTAC

“Roma” komandası ilə oyun UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda ilk qarşılaşmamızdır. Bilirəm ki, bu oyunu azarkeşlərimiz böyük maraq və səbirsizliklə gözləyirlər. Belə bir mühüm matçın Bakıda keçirilməsi Azərbaycan futbolunun inkişafının göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov sentyabrın 26-da jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

“Qarabağ”ın yer aldığı “C” qrupundakı rəqiblərimizin üçü də favorit hesab olunur. “Roma”nın oyunlarını canlı izlədikdən sonra bir daha əmin oldum ki, peşəkar və güclü kollektivlə üz-üzə gələcəyik. Təbii ki, bizim üçün çətin matç olacaq. Lakin istəyirik ki, azarkeşlərimizi sevindirək. Nə qədər çətin olsa da, düzgün oyun qurub, əzmkarlıqla mübarizə aparmağa çalışacağıq”, - deyə baş məşqçi qeyd edib.

Komandanın heyətində ciddi dəyişikliyin gözlənilmədiyini vurğulayan Q.Qurbanov bildirib: “Qarabağ” komandasının futbolçularının avrokuboklarda təcrübəsi az olsa da, belə möhtəşəm arenada – Bakı Olimpiya Stadionunda bu cür güclü rəqiblə qarşılaşmaq xoşdur. “Çelsi” ilə görüşdə yol verdiyimiz səhvlərdən nəticə çıxarıb daha yaxşı oyun nümayiş etdirməyə və güclü olduğumuzu sübuta yetirməyə çalışacağıq”.

Ağdam klubunun heyətində çıxış edən legioner Pedro Enrike deyib: “Qarabağ”a yeni transfer olunsam da, bu komandanın heyətində UEFA Çempionlar Liqasında mübarizə apardığım üçün qurur duyuram. Sabah bizi çətin oyun gözləyir. İnanıram ki, komandamız yaxşı oyun nümayiş etdirəcək”.

Mətbuat konfransından sonra komanda oyundan əvvəl sonuncu məşqinə çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.