ELM VƏ TƏHSİL
Qurban Qurbanov: Rusiya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir
Bakı, 5 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edən sıx əlaqələr mövcuddur. Əməkdaşlığımızın genişlənməsi təhsil sahəsində də özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə əlaqələrimizin inkişafı istiqamətində mühüm işlər görülür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd şəhər filialının direktoru Qurban Qurbanov deyib. Direktor qeyd edib ki, son vaxtlar dövlətlərimiz və xalqlarımız arasındakı yaxınlaşma təhsil sahəsində və humanitar sektorda daha çox özünü büruzə verir. Bakıda Lomonosov adına Moskva Dövlət və Seçenov adına Birinci Moskva Dövlət Tibb universitetlərinin filialları fəaliyyət göstərir. Eyni zamanda, Rusiya Federasiyasında Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd şəhər filialı fəaliyyətə başlayıb. Dərbənddə Azərbaycan Dövlət İqtisad Universitetinin filialının açılması prezidentlər İlham Əliyevin və Vladimir Putinin bu regionda yaşayan xalqlara ali təhsillə bağlı göstərdikləri diqqətin bariz nümunəsidir. Rusiyanın Təhsil Nazirliyi universitetin filialı daxilində kollecin də fəaliyyət göstərməsi üçün lisenziya verib. Filialda dərslər Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramına uyğun keçilir. Ali məktəbdə fərqli tədris proqramının tətbiqi burada təhsil alan azərbaycanlı tələbələrin Rusiyanın metodiki və praktiki biliklərinə yiyələnmələrinə imkan verəcək.
Direktor diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təhsil ocağında magistratura şöbəsi yaradılıb. Tələbələr üçün mükəmməl imkan yaradılan filial müasir kompüter texnologiyası ilə təchiz olunub. Bundan başqa, Dərbənd filialından məzun olan tələbələr mütəxəssis kimi Azərbaycanın və Rusiyanın müxtəlif qurumlarında çalışmaq imkanına malik olacaqlar.