İDMAN
Qurban Qurbanov: UEFA Çempionlar Liqasında ilk xalı qazandığımız üçün futbolçularımızı təbrik edirəm
Bakı, 18 oktyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında ilk xalı qazandığımız üçün futbolçularımızı təbrik edirəm. Oyunun sonlarında sayca azlıqda qalsaq da, komandamız daha güclü oyun göstərdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda “Atletiko Madrid” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi bildirib: “Komandamız üçün çox vacib bir xalı qazandıq. İlk növbədə azarkeşlərimizə təşəkürrümü bildirirəm. Oyunun sonuna qədər komandaya dəstək oldular. Rəqibimiz təcrübəli komandadır. Əvvəlki oyunlarda futbolçularımızda həyəcan və gərginlik var idi. Bu oyunda da bəzi çatışmazlıqlarımız oldu. Lakin əsas odur ki, futbolçularımızda inam hissi yüksək idi. Düşünürəm ki, Dino Ndlovunun qırmızı vərəqə alması hakimin səhv qərarı idi. Lakin bununla bağlı UEFA-ya müraciət etməyi düşünmürük. Oyunda azlıqda qaldıqdan sonra futbolçularımız daha çox fiziki güc sərf etdilər. İnanıram ki, futbolçularımız getdikcə daha yaxşı oynayacaqlar”.
Xatırladaq ki, “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda keçirilən oyunun 75-ci dəqiqəsində hakimin ədalətsiz qərarı nəticəsində stadionda sayca azlıqda qalsa da, “Atletiko Madrid” ilə qolsuz heç-heçəyə nail olaraq, UEFA Çempionlar Liqasında ilk xalını qazanmaqla Azərbaycan futbolunun tarixinə düşüb.