CƏMİYYƏT
Qurban Sadıqov: Yoluxmanın azalması heç kəsdə arxayınçılıq hissi yaratmamalıdır
Bakı, 15 fevral, AZƏRTAC
Həkimlərə təşəkkürümüzü bildiririk və vətəndaşlara da çağırış edirik ki, Səhiyyə Nazirliyinin və TƏBİB-in verdiyi tövsiyələrə əsasən peyvənd işində fəallıq göstərsinlər.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Nazirlər Kabinetinin əməkdaşlarının vaksinasiyası zamanı jurnalistlərə deyib.
Dövlət qurumlarında çalışan əməkdaşların vaksinasiyası üçün hər şeyin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən sektor müdiri deyib: “Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bütün tədbirlər həyata keçirilir ki, koronavirusun ölkəmizdə yayılmasının qarşısı alınsın. Çox sevindirici haldır ki, son günlər ölkəmizdə yeni növ koronavirusa yoluxanların sayı minimal həddə çatıb. Lakin yoluxmaların azalması heç kimdə arxayınlıq yaratmamalıdır. Ona görə də hər kəs həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in tövsiyələrini yerinə yetirməlidir”.