CƏMİYYƏT
Qurban Yetirmişli: Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb
Bakı, 21 may, AZƏRTAC
Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli pandemiya dövründə mərkəzdə aparılan tədqiqat işləri haqqında açıqlamasında məlumat verib.
Baş direktorun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3 və ondan yuxarı olan 10 zəlzələ qeydə alınıb və həmin zəlzələlərin 4-ü hiss olunub: "Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində, yəni Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyə sərhədində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə edilir".