CƏMİYYƏT
Qurban bayramı ilə əlaqədar heyvan kəsimi və satışını həyata keçirən şəxslərə müraciət edilib
Bakı, 10 avqust, AZƏRTAC
Qurban bayramı günlərində heyvan kəsiminin həyata keçiriləcəyi stasionar və çadır tipli kəsim məntəqələrində son tamamlama və hazırlıq işləri başa çatıb. Qida Təhlükəsizliyi Agentliyi 50-dək jurnalistin iştirakı ilə həmin heyvan kəsimi məntəqələrinə infotur təşkil edib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların təhlükəsizlik tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib, məntəqələrdə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda, bayram günlərində media nümayəndələrinin də iştirakı ilə ictimai nəzarət tədbirlərinin gücləndirilməsi üçün birgə fəaliyyətin həyata keçirilməsi müzakirə olunub.
Prosesi izləyib mövcud vəziyyətlə yerində tanış olan media nümayəndələrinin sualları cavablandırılıb və onlar əhalinin maarifləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə vətəndaşlara müraciət ediblər.
Müraciətdə bildirilir: “Hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunan Qurban bayramı özündə milli-mənəvi həmrəylik, bərabərlik, humanizm və qardaşlıq, xeyirxahlıq və mərhəmət duyğularını ehtiva edir. Müqəddəs bayram günündə insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlam mühitdə yerinə yetirmələri əhalinin sağlamlığı üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan Qurban bayramında insanların təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, küçə və yol kənarlarının, parkların və ictimai yerlərin təmizliyinin qorunması üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. Sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda, baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınmasına yol verilməməlidir. Eyni zamanda, qurbanlıq heyvanlar kəsimdən əvvəl və sonra mütləq müvafiq baytarlıq müayinəsindən keçirilməlidir. Bu, heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.
Qurban bayramı günlərində heyvan kəsimi və satışını həyata keçirən şəxslərə bir daha müraciət edərək şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadır tipli kəsim məntəqələrində həyata keçirməyə çağırırıq.
Gəlin unutmayaq ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən müqəddəs Qurban bayramında əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir”.