REGİONLAR


Qurban bayramının əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur

Lənkəran, 21 iyul, Bağır Əliyev, AZƏRTAC

İslam dünyasının ən gözəl bayramlarından birinin - Qurban bayramının sevincini yaşayırıq. Hacılar müqəddəs Kəbə evini ziyarət etdikdən sonra qurban kəsirlər. Qurban onlara vacibdir. Amma Məkkədə Həcc ziyarətində olmayanlar üçün qurbanlıq heyvanların kəsimi vacib deyil. Bununla belə, bayram günü qurbanlıq heyvanları kəsib ehtiyacı olanlara paylamağın böyük savabı var.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Sədi Axundzadə söyləyib.

Qurban bayramının əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durduğunu qeyd edən S.Axundzadə kəsilən qurbanların insanları halallığa, paklığa səsləyən gözəl gün olduğunu bildirib: “Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilib. İslama görə, qurban “Allaha yaxınlaşdıran şey” mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyəti ilə və Allah yolunda kəsilən heyvana deyilir”.

Bu günlərində insanların bayram sevincini bir-biri ilə paylaşmalı olduğunu vurğulayan din xadimi, imkanlı insanların qurban kəsərək imkansızlara paylamağın vacibliyini diqqətə çatdırıb.

Qurbanlıq ətin üç hissəyə bölünərək paylandığını bildirən S.Axundzadə, bunun bir hissəsini qohum-əqrəbaya, bir hissəsini yaxınlıqda yaşayan imkansız ailələrə paylamasının böyük savab iş olduğunu, yerdə qalan ətin ailəsinə çatdığını söyləyib.

S.Axundzadə daha sonra deyib: “Lənkəran şəhərində Qurban bayramı ilə əlaqədar heyvanların alışı və kəsimi məntəqəsi fəaliyyət göstərir. Qafqaz Müsəlmanları İdarəsindən bizə verilən tövsiyələrə əsasən, qazilərimiz qurbanlıq heyvanların kəsimində yaxından iştirak edir, İslam, şəriət qaydalarına düzgün riayət olunmasına nəzarət edirlər.

Qurbanlıq heyvanların alışı və kəsimi məntəqəsində hər cür şərait yaradılıb. Qurbanlıq heyvanlar baytar nəzarətindən keçdikdən sonra tibbi və sanitar qaydalara əməl olunmaqla kəsilir.

Lənkəranlı dindarlar adından yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Qurban bayramınız mübarək olsun!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.