CƏMİYYƏT
Qurban bayramının ilk günündə paytaxtda hava əsasən yağmursuz olacaq
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 31-nə - Qurban bayramının ilk gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23°, gündüz 30-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 30-35° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 25-30° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 29-34° isti, dağlarda gecə 18-20°, gündüz 25-27° isti olacağı gözlənilir.