SİYASƏT


“Qurdalasaq, qurdu çıxar ...”

Bakı, 14 noyabr, Vüqar Seyidov, AZƏRTAC

Müdriklər yaxşı deyiblər: “Qurdalasaq, qurdu çıxar...”. Amma görünür, bəziləri özlərinin şimal sərhədlərində müstəqil Azərbaycan dövləti ilə otuzillik qonşuluq müddətində bu müdrik kəlamı hələ də anlamayıblar. Regionda bəziləri elə hesab edirdi ki, SSRİ dağılandan sonra onun xarabalıqları üzərində yaranmış respublikalardan biri “evsiz-eşiksiz yetim” vəziyyətinə düşəcək, onu haraya istəsələr qovacaqlar, buna cavab verilməyəcəyinə əmin olaraq onun ünvanına istədikləri təhqirləri söyləyəcəklər. Orada elə hesab edirdilər ki, bütün bu illər ərzində belə hücumların cavabında Azərbaycanda diplomatik surətdə susur və qanlı tarixi yaraların üstündən keçirlərsə, deməli, ümumiyyətlə bu ölkənin “deməyə sözü yoxdur”.

Həqiqətən, Azərbaycan bütün bu illər ərzində siyasi nəzakət qaydalarına riayət edir, hətta cənub qonşuları öz hərəkətləri ilə onu açıq-aşkar “sancanda” da onların xətrinə dəyməməyə çalışırdı. Bakının təmkinli davranışı həm də onunla izah edilirdi ki, ölkəmiz müstəqillik dövrünə sovet dönəmindən “miras qalmış” Ermənistan-Azərbaycan münaqişəsi kimi ağır yüklə qədəm qoymuşdu.

Azərbaycanlılar üçün eyni dərəcədə kədərli, Tehran üçün isə “göydən düşmüş” uduşlu lotereya biletinə oxşar daha bir miras İranın şimalında bu yerlər üçün yeni ölkə olan Ermənistan ilə əvvəllər heç vaxt mövcud olmamış dövlət sərhədinin yaranması oldu.

Məlum olduğu kimi, orta əsrlərin sonunda Zəngəzur Qarabağ xanlığının, o vaxta qədər isə türk imperiyalarının tərkib hissəsi olub. Burada heç vaxt heç bir erməni dövləti olmayıb. Çar Rusiyasının süqutundan sonra Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi olub və yalnız Cənubi Qafqaz sovetləşdiriləndən sonra bolşeviklər xəritələri dəyişib, Azərbaycanın Mehri bölgəsini Qərbi Zəngəzurun qalan hissəsi ilə birlikdə Ermənistan SSR-ə verdilər. Beləliklə, Araz çayı boyunca Ermənistan-İran sərhədi tarixdə ilk dəfə yalnız SSRİ dağılandan sonra yaranıb və bu fakt, təbii ki, Tehrandakı siyasətçiləri sevindirməyə bilməzdi.

Onlar nəyə sevinirdi? Bu ritorik sual ayrı məsələdir. Bu qırx altı kilometrlik məsafədə əvvəllər, hətta bərələr də yox idi. SSRİ dövründə İrana yeganə sərhəd keçidi Culfada Araz çayı üzərindəki körpü idi. Ermənistan ilə İran arasında tarixdə ilk sərhəd keçidi postsovet dövründə açılıb – tərəflər çayın üzərində körpü qurdular, qaz kəməri, elektrik xətti çəkdilər. Bütün bunlar öz torpaqlarından (yeri gəlmişkən, o cümlədən Mehridən) qovulmuş azərbaycanlıların gözləri qabağında edilirdi, Bakı isə həmin dövrdə Ermənistanı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etmək məqsədilə onun siyasi, iqtisadi və nəqliyyat baxımından təcrid edilməsi xəttini seçmişdi.

Türkiyənin bizimlə qardaşcasına həmrəyliyi fonunda iranlı qonşularımızın öz ciblərini doldurmaq üçün o illərdə əmələ gəlmiş, daha dəqiq desək Azərbaycanın təcavüzkar dövlət olan Ermənistana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar nəticəsində yaranmış boşluqdan necə istifadə etməsini görəndə həmişə ürəyimiz ağrıyırdı. Bizim dövlətin İsraillə dostluq münasibətləri ilə əlaqədar tez-tez ünvanımıza səslənən iradları eşitməli olurduq. Biz deyəndə ki, həmin illərdə ərazimizin 20 faizini işğal etmiş Ermənistandan fərqli olaraq uzaq İsrail İrana qarşı eyni hərəkətləri etmir, yəni İran ərazisinin bir hissəsini işğal etmir, deyəndə ki, elə həmin Ermənistandan fərqli olaraq yəhudi dövlətində məscidlərdə donuz saxlamırlar, İran səmərəli düşünmək və yaxşını pisdən fərqləndirmək bacarığını göstərmədi.

Bəzən adama elə gəlirdi ki, bütün bunlar bizə acıq vermək, bizdən qisas almaq üçün edilir. Nəyə görə “acıq vermək”, nəyə görə “qisas almaq” istəyirdilər – bunu anlamaq çətin idi. Axı Azərbaycan İranı heç vaxt “düşmən” hesab etməmişdi.

Xəzər dənizinin hüquqi statusu müzakirə edilərkən Tehranın bəzən heç bir əsas göstərmədən uydurduğu problemlər yaxşı yadımızdadır. SSRİ dağılandan sonra molla rejiminin iştahası daha da artdı və Tehranda öz ərazilərini genişləndirməyi qərara aldılar. Hərçənd, sovet irsinin, o cümlədən dəniz ərazilərinin bölünməsinin İrana heç bir dəxli olmamalı idi – keçmiş İran-sovet sərhədləri, ən azı İran üçün, dəyişilməz qalmalı idi. “Sovet piroqu”nun bölünməsi isə həmin dövlətə daxil olanların işi idi. Yadımızdadır ki, SSRİ dönəmində bizim cənub qonşumuz, hətta İttifaq dövlətinin neft-qaz yataqları barədə Kremlə iddia təqdim edə bilmirdi. Lakin sovet imperiyasının gözlənilmədən parçalanması birdən-birə İrana cəsarət verdi və o, həmin bölgüdə iştirak etməyi qərara aldı. Tehranın Azərbaycanın ərazi sularına iddialarını da unutmuruq, bu iddialar bir dəfə, qazma işləri başlanandan sonra tədqiqat gəmisi İran hərbi donanması tərəfindən hücuma məruz qalanda az qala hərbi toqquşmaya gətirib çıxarmışdı. Yadımızdadır ki, o vaxt qardaş Türkiyə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdi və Türkiyə Hərbi Hava Qüvvələrinin “şahinləri” Bakı səmasında viraj edərək cənuba ciddi mesaj göndərdi və israrla məsləhət gördü ki, “köpünü azalt”.

İş o yerə çatmışdı ki, bəzən açıq-aydın soruşmalı olurduq: sizə dinclik verməyən nədir, bizimlə nə probleminiz var, biz nə vaxtsa sizə qarşı hansı qeyri-dost hərəkəti etmişik? Onlar bu suala cavab verməyə söz tapmırdılar. Bəzən artistlik edərək mərhum prezident Əbülfəz Elçibəyin çıxışını xatırladırdılar. Guya o, İrana “ərazi iddiaları” barədə danışıb. Əvvələn, İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşaması faktının qeyd edilməsi ərazi iddiası deyil, hamıya məlum olan reallıqdır. İkincisi, onlardan xahiş edəndə ki, Əbülfəz Elçibəyin konkret çıxışına istinad versinlər, biz özümüz ilk mənbəni tapıb araşdıraq, onlar əvvəlcə çətinlik çəkir, sonra isə gah Estoniyanın, gah Sloveniyanın, gah da İspaniyanın kiçik bir qəzetinin adını çəkir, “quql” axtarış sistemi vasitəsilə həmin çıxışı tapmağı məsləhət görürlər. Bir sözlə, nə istədiklərini özləri də bilmir. Axtardıq və heç nə tapmadıq. Təbii ki, elə bir “müsahibə” olmayıb, eləcə də adlarını onların uydurduqları qəzetlərin çoxu yoxdur. Amma əvəzində şübhələnmək üçün ciddi əsaslar var ki, Əbülfəz Elçibəyin guya haçansa hansısa qəzetə müsahibəsində söylədiyi iddialar barədə əhvalat Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə haqq qazandırmaq məqsədilə uydurulmuş feykdən başqa bir şey deyil. Nəhayət, üçüncüsü, tutaq ki, Elçibəy belə bir müsahibə verib. O, cəmi bir il prezident olub və 1993-cü ildən Azərbaycana başqa siyasi xadimlər rəhbərlik ediblər, onlar heç vaxt belə söz deməyiblər. Bəs 1993-cü ildən başlayaraq sizə dinclik verməyən nədir?

Hətta İran bizə açıq-aydın hörmətsizlik göstərərək işğal faktından istifadə edib birtərəfli qaydada, heç olmasa nəzakət xatirinə bizimlə məsləhətləşmədən Xudafərində Araz çayı üzərində körpü salanda, hətta bizim ərazinin bir hissəsini hasarlayanda da münasibətləri kəskinləşdirməməyə çalışdıq! İran, sadəcə, bizi fakt qarşısında qoymağı qərara aldı, bəlkə də o belə hesab edirdi ki, bu torpaqlar daha heç vaxt Azərbaycana qayıtmayacaq.

Məgər dostlar belə hərəkət edərmi? Məgər bu, hiddətləndirici deyilmi?

Biz heç vaxt unutmayacağıq ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş şəhərlərində və kəndlərində qalmış tikinti materialları, pəncərələr, qapılar, sakinlərin əmlakı İranın “ikinci əl” bazarlarında satılaraq iyrənc biznes sənaye reysləri üzərinə qoyulmasaydı, iranlı dırnaqarası “sahibkarlar”, əslində isə evlərin sökülməsində çox vaxt azərbaycanlı hərbi əsirlərin və girovların kölə əməyindən istifadə edən “quzğunlar” olmasaydı, dağıntı və qarətlər bəlkə də bu qədər təsəvvürəgəlməz, fəlakətli miqyas almazdı! Biz bunu heç vaxt unutmayacağıq. Füzulidən olan bir keçmiş məcburi köçkün ona məxsus olan ev əşyasının İranın qara bazarlarının birində satıldığını gördüyü günü unutmayacaq. Bu “biznesmenlər” Azərbaycan xalqının yaddaşında belə qarətçiliyin, utancverici “ziyafət”lərin və tamahkar cinayətin iştirakçıları kimi qalacaqlar.

Biz, hətta 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə də İranın Ermənistana birbaşa hərbi, maddi, logistik və informasiya köməyi göstərməsinin çoxsaylı sənədli sübutlarına baxmayaraq yenə siyasi nəzakət qaydalarına riayət edirdik. Biz unutmamışıq ki, Azərbaycan Silahlı Qüvvələrinin ön dəstəsi Araz çayı boyunca irəliləyərkən qəflətən peyda olmuş və nədənsə bizim əraziyə keçmiş İran hərbçiləri kobudcasına bizim əsgərlərin yolunu kəsmişdilər. Bu nə idi – həyasız təhrikçilik, yoxsa başımız başqa işlərə qarışdığı vaxtda bizimlə gücünü sınamaq niyyəti? Məgər İran vətəndaşları haçansa görüblərmi ki, Azərbaycan sərhədçiləri artıq İran ərazisində şoseyə çıxıb onların yolunu kəssinlər? Bircə dəfə belə hadisə olubmu? Axı həmin gün bizim hərbçilər təhrikçiliyə uymamaq və gərəksiz yeni beynəlxalq gərginlikdən yaxa qurtarmaq üçün çağırılmamış qonaqların arxasından, şimal tərəfdən dövrə vurub uzun bir yol keçməli oldular. Nəticədə bir sutka vaxt itirildi, düşmən bu fürsətdən istifadə edərək öz hissələrini geri çəkdi. Həmin sutkanın itirilməsi bəlkə də bizim əsgərlərdən kimlərinsə həyatı bahasına başa gəlib.

Çox şeyi xatırlamaq olar, çox şeyi! Müharibədən əvvəl və sonra Qarabağa yanacaq göndərilməsi; Laçın rayonuna gələn tırlarda İran dövlət qeydiyyat nömrələrinin Ermənistan nömrələri ilə əvəz edilməsi; tarixi Azərbaycan torpaqları olan Qafanda və Təbrizdə Ermənistan və İranın baş konsulluqlarının açılması, – indi hansı siyasi nəzakətdən danışmaq olar, - İranın hakimiyyət orqanları tərəfindən erməni icmasının aprelin 24-də İran şəhərlərinin küçələrində nümayişlər keçirməsinə icazə verilməsi, amma Xocalı soyqırımı qurbanlarının anım tədbirlərinin təşkilinə icazə verilməməsi və daha nələr...

Elə məqam yetişir ki, səbir kasası dolub daşmaq həddinə çatır. Onda açıq danışmaq lazım gəlir. Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı onunla əlamətdar oldu ki, indi hər şeyi öz adı ilə adlandırmaq lazım gəlir. Bəli, türk dünyası təkcə bu təşkilata daxil olan ölkələrlə məhdudlaşmır. Taleyin acı hökmü ilə qırx milyon azərbaycanlı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır, özü də onlar “diaspor”da deyil, öz tarixi vətənində yaşayır. Lakin onlar ana dilində təhsil almaq hüququndan məhrumdur. Onları bu hüquqdan nəyə görə məhrum edirlər? Yaxud bu barədə danışmaq nəyə görə “qeyri-münasib” sayılmalıdır? Danışmaq lazımdır! Çoxdan lazım idi! Prezident İlham Əliyev bunu açıq bəyan edib. Qoy, bu həqiqət kiminsə xoşuna gəlməsin. Bizim də xoşumuza gəlməyən məsələlər çox olub və yenə var. Dünya azərbaycanlılarının hüquqları təmin edilməlidir, o cümlədən cənub qonşumuzda da! Qoy, hamı bilsin ki, biz qan qardaşlarımızın taleyinə biganə qalmayacağıq! Biz də çox şey bilirik və deyirik: qurdalasaq, qurdu çıxar...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.