MƏDƏNİYYƏT
Qurtuluşdan doğan zəfər
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5- də Nəriman Nərimanovun xatirə muzeyində Zəfər Günü münasibətilə “Qurtuluşdan doğan zəfər” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra başlayan tədbirdə muzeyin direktoru Kamilə Hüseynova 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən bəhs edib. Bildirib ki, bir neçə gündən sonra xalqımız Zəfər Gününü böyük qürur hissi ilə qeyd edəcək. O, bu Zəfərin qazanılmasında xidmətləri olan hər kəsə təşəkkürünü bildirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib.
Sonra Yazıçılar Birliyinin üzvü, şair-publisist Təranə Cəbiyevanın şeirlərinin sədası ilə şanlı Qələbəmiz haqqında hazırlanan videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən muzeyin əməkdaşı Vəsilə Salmanova Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O, 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında daim yaşayacağını qeyd edib. 8 noyabrın xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Bu tarixin heç vaxt unudulmayacağını vurğulayıb.
“Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Lalə Hüseynova İkinci Qarabağ savaşında əldə edilmiş tarixi Qələbədən söhbət açıb: “Biz Birinci Qarabağ döyüşlərində iyirmi mindən çox şəhid versək də, inamımızı heç vaxt itirmədik. Çox şükür ki, 44 günlük Vətən müharibəsi bizə qalibiyyət yaşatdı. Bu Zəfəri bizə yaşadan şəhidlərimizə və qazilərimizə borcluyuq. Qəhrəman oğullar böyüdən anaların qarşısında baş əyirəm”.
Sonra Vətən müharibəsi qaziləri Kamran Dadaşzadə, Mobil Əhmədzadə və başqaları keçdikləri döyüş yolundan danışıblar. Onlar məktəblilər qarşısında çıxış etməyin hər zaman qürurverici olduğunu vurğulayaraq bildiriblər ki, onların tariximizi yaxşı bilmələri üçün belə görüşlər olduqca əhəmiyyətlidir. Qazilər 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin xalqımızın əzmi ilə əldə olunduğunu söyləyərək hər bir əsgərin Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək qalibiyyət qazandığını vurğulayıblar.
Qələbənin dövlətimizin gücü, qüdrəti sayəsində əldə edildiyini söyləyən döyüşçülər bildirib ki, indi onların vicdanları çox sakitdir, ona görə ki, şəhidlərimizin qanı yerə qalmayıb, onların qisası alınıb.
Səbail və Binəqədi rayon kitabxanalarının əməkdaşları da tədbir barədə fikirlərini bölüşüblər.
Sonra tədbir Bülbül adına orta ixtisas məktəbinin şagirdlərinin ifasında musiqi proqramı ilə davam edib.
Məktəblilər Vətənə, Qələbəyə həsr olunan şeirlər səsləndiriblər.