CƏMİYYƏT
“Qurtuluşun 25 illiyi” adlı tədbir keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə 229 saylı orta məktəbdə “Qurtuluşun 25 illiyi” adlı tədbir keçirib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsindən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-dən 25 il keçdiyini xatırladıb. O, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb. Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının əsası olduğunu deyən S.Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub.
229 saylı orta məktəbin direktoru, YAP Nizami rayon təşkilatının şura üzvü Fəridə Bağırova dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. O, Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas olunması, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb.
Sonra YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə diplom və fəxri fərmanlar təqdim edilib.
Tədbir bədii hissə ilə davam etdirilib.