DÜNYA
Quru yolunun açılması ilə Ermənistan əhalisinin Rusiyaya güclü axını başlaya bilər
Bakı, 22 iyun, AZƏRTAC
2021-ci ilin yanvar-may aylarında 78 min nəfər hava yolu ilə Ermənistanı tərk edib.
AZƏRTAC “Joqovurd” qəzetinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
“Yanvar-may aylarında “Zvartnots” hava limanı vasitəsilə 293 min 754 nəfər xaricə uçub, 232 min 518 nəfər ölkəyə daxil olub. Cari ilin ilk beş ayında Şirak (Gümrü) hava limanı vasitəsilə xaricə gedənlərin sayı 30 min 975, ölkəyə qayıdanların sayı isə 14 min 209 nəfər təşkil edib”, - deyə qəzet yazıb.
Qəzet geri qayıtmayan ermənilərin bir hissəsinin mühacirət etdiyini, həmçinin Rusiyaya köç edənlərin qiymət fərqinə görə quru yoluna üstünlük verdiyini bildirib.
Quru yolu koronavirus pandemiyası səbəbindən hələ də bağlıdır. Nəşrin proqnozuna görə, yollar açılan kimi ölkəni tərk edənlərin sayı dəfələrlə artacaq.
Qeyd edək ki, bir müddət öncə Ermənistan ictimai şurasının miqrasiya məsələləri komissiyasının sədri, ekspert Qagik Yeqanyan 30 illik müstəqillik dövrü ərzində 1,6-1,7 milyon insanın və ya əhalinin 30 faizinin ölkəni tərk etdiyini bildirib.