CƏMİYYƏT
Quş qripi və Nyukasl xəstəliyinin diaqnostikası ilə bağlı təlim keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları mütəmadi olaraq yerli və beynəlxalq təlimlərə cəlb olunur.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti təlim heyvan kəsim məntəqələrində baytarlıq-sanitariya ekspertizası işinin təkmilləşdirilməsi və kadr potensialının peşəkarlığının artırılması məqsədilə AQTİ-nin “Analitik Ekspertiza Mərkəzi” departamentinin peşəkar mütəxəssisləri tərəfindən baytar həkimlər və texniklər üçün keçirilib.
Təlim “Quşlarda quş qripi və Nyukasl xəstəliyinin diaqnostikası, ət və süd məhsullarının sanitar qiymətləndirilməsi və kəsim məntəqələrində baytarlıq sanitariya ekspertizası işinin aparılması zamanı nümunənin götürülməsi, saxlanması və göndərilməsi” proseduruna həsr edilib. İştirakçılara heyvan kəsim məntəqəsinə gətirilən quşların yüksək patogenli quş qripinə görə kliniki müayinəsi, kəsildikdən sonra daxili orqanlarında baş verən dəyişiklikləri və digər xəstəliklərdən diferensiasiya edilməsi və onların sanitar qiymətləndirilməsi haqqında geniş məlumat verilib.
Təlim zamanı mütəxəssislər və iştirakçılar arasında mövzu ilə əlaqədar müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.