CƏMİYYƏT


Quş qripinin yaratdığı təhlükə və bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlər

Quş qripinin yaratdığı təhlükə və bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlər

Bakı, 9 dekabr, AZƏRTAC

Quş qripi müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyi olub respirator orqanların və mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfatla nəticələnir. Xəstəliyin törədicisi Orthomyxoviridae ailəsinə və influenza cinsinə aid olan RNT tərkibli mutagen virusdur. Ümumiyyətlə quş qripi virusunun A tipi müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. İndiyə qədər aşkarlanan 16 HA və 9 NA serotiplərinə çöl quşları arasında rast gəlinib. Həmin serotiplər yüksək və aşağı patogenli olmaqla, iki qrupa bölünür. Onlardan yüksək patogenli quş qripi quşlar və insanlar üçün təhlükəli infeksiya növü hesab edilir. Ümumilikdə xəstəlik heyvanlara və insanlara əsasən aerogen və ya alimentar yolla yoluxur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov, Çiçək Süleymanova, Kəmalə Əliyeva və Səbinə Məmmədovanın hazırladığı elmi məqalədə bəhs olunur.

Tədqiqatlar zamanı yüksək patogenli quş qripi virusunun ətin -70 dərəcə C-yə qədər dondurulması zamanı 300 gündən artıq müddətdə sağ qalması və öz virulentliyini qoruyub saxlaması sübuta yetirilib. Buna misal kimi, 2001-2007-ci illərdə Koreya, Yaponiya və Almaniyaya idxal edilmiş çiy toyuq əti və dondurulmuş ördək karkasında quş qripi virusunun aşkar edilməsini göstərmək olar. Qeyd edək ki, təcrübələrlə yüksək patogenli quş qripi virusu ilə yoluxdurulmuş quşların yumurtası ilə yanaşı, onun qabıq hissəsində də törədicinin mövcudluğu öz təsdiqini tapıb. Yumurtanın qaynadılaraq bişirilməsi zamanı viruslar məhv olsa da, çiy yumurta və onun məhsulları ilə təmas insanların quş qripi ilə yoluxması baxımından yüksək risk amili hesab edilir.

Yüksək patogenli quş qripi toyuq, ördək, hind quşu, sərçə, qarğa, göyərçin, qırqovul, kəklik və digər ev və çöl quşları arasında qeydə alınıb. Ona görə də həmin infeksiyaya yoluxmuş quşların sənaye və ya ev şəraitində kəsilməsi, eləcə də çöl quşlarının ovlanması insanların xəstəliyə tutulması baxımından ciddi təhlükə mənbəyi hesab olunur.

Sənaye tipli quşçuluq təsərrüfatlarında xəstəliyin yayılmasında yemin, eləcə də quşlara xidmət alətlərinin, avadanlıqların və nəqliyyat vasitələrinin törədici ilə çirklənməsinin rolu böyükdür. Belə ki, xəstə quşlara qulluq zamanı istifadə edilən əşyalarda, quşlar saxlanan tövlələrdə və törədici ilə çirklənmiş digər səthlərdə virus 3 həftəyə qədər sağ qala bilir. Bununla yanaşı, infeksiya törədicisinin mənbəyi xəstə quşlar olduğu üçün diri quşların satıldığı bazarlar da xəstəliyin yayılmasında əsas təhlükə mənbələrindən hesab olunur. Eyni zamanda, miqrasiya edən köçəri quşlar, gəmiricilər, ətyeyən heyvanlar və qansoran həşəratlar da infeksiyanın yayılmasında rol oynayır.

Quş qripinin yayılmasında təhlükə mənbələrindən biri də su hesab olunur. Belə ki, xəstə quşların ifrazatları ilə çirklənmiş suyun pH göstəricisi, temperaturu və duzluluq dərəcəsindən asılı olaraq, quş qripi virusları suda 10 günə qədər sağ qala bilir. Həmin sudan istifadə isə sağlam quşların xəstəliyə yoluxması ilə nəticələnir.

Quşlarda xəstəliyin inkubasiya dövrü 3-5 gün çəkir. Həmin müddətdə quşlar yemdən imtina edir, süstləşir, onların lələkləri pırpızlaşır, gözləri şişir və yumulur, burun dəliklərindən selikli-serozlu maye axır, bədən temperaturu 44 dərəcə C-yə qədər yüksəlir və 24-72 saat müddətində tələf olur.

Quşlar üçün virusun H5 və H7 subtipləri yüksək patogenli qrip törədir və bu, quşların kütləvi şəkildə 100 faizə qədər tələfatına səbəb olur. Virusun H9 subtipi isə aşağı patogenli olmaqla yüksək patogenli subtiplərə nisbətən az tələfatla nəticələnir.

Epidemioloji məlumatların təhlili göstərir ki, xəstəliyin törədicisi əksər hallarda çöl quşları vasitəsilə yayılır. Ev quşlarının yoluxması xəstə çöl quşları ilə yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Köçəri çöl quşlarının miqrasiya trayektoriyasının respublikamızdan keçməsi, habelə həmin quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu xəstəliyin yayılma riskini daha da artırır. Buna görə də Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin birgə əməkdaşlığı ilə ölkə üzrə quş qripinin mütəmadi monitorinqləri aparılır, epizootik sabitliyin təmin olunması sahəsində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, quş qripi xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır. Belə ki, fərdi quşçuluq təsərrüfatlarında bəslənən quşların köçəri çöl quşlarının miqrasiyası dövründə qapalı şəraitdə saxlanması təmin olunmalı, ölmüş çöl və ev quşlarına toxunmadan dərhal aidiyyəti qurumlara məlumat verilməli, quşlara qulluq, onların yemlənməsi, daşınması və digər bu kimi təmaslar zamanı sanitariya-gigiyenik qaydalara əməl edilməlidir. Həmçinin quşlar nəqliyyat vasitələrində açıq şəkildə və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmamalı, quşçuluq təsərrüfatlarına bu xəstəliyə görə şübhəli təsərrüfatlardan quş, yem və digər ləvazimatlar gətirilməməlidir.

Beynəlxalq tələblərə görə quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar olunduğu halda bütün xəstə quşlar məhv edilməlidir. Bununla yanaşı, qida təhlükəsizliyi tədbirləri çərçivəsində ölkəyə diri quşlar, quş əti, quşçuluq məhsulları və yemlərin idxalı zamanı ixracatçı ölkənin quş qripinə görə sağlamlıq statusu nəzərə alınmaqla zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.