REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı “Xəcalət” tamaşasını təqdim edəcək
Qusar, 21 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tamaşaçılara yeni səhnə əsərini təqdim etməyə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yazıçı–dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” əsəri Xocalı faciəsinin 26-ci ildönümü münasibətilə səhnələşdirilib.
Qarabağdakı torpaqlarından didərgin düşmüş ailələrin qarşılaşdıqları çətinliklərdən bəhs edən əsərdə sadə insanların öz ata-baba yurdlarına bağlılığından, əsil vətənpərvərlikdən söhbət açılır.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Əsas rolları teatrın aktyorları Lalə Qurbanova, Aydın Xeyirov, Kəmalə Qasımova, Yalçın Qaraxanov, Yuri Kərimov və başqaları canlandırırlar.
“Xəcalət” tamaşası fevralın 26-da Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək.