REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı festivala hazırlaşır VİDEO



Qusar, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı “Boş məkanın dolğunluğu” adlı ümumrespublika teatr festivalına hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan festivala İsgəndər Coşqunun eyniadlı əsəri əsasında hazırlanan “Çal, oyna” nağıl-tamaşası ilə qatılacaq.
Səhnə əsərinin rejissoru Laləzar Hüseynova, rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Festivalın şərtlərinə görə, tamaşalarda dekorasiyalardan istifadə edilməyəcək. Aktyorlar boş səhnəni öz oyunu və bədii ifadə vasitələri ilə doldurmalıdır. Tədbirin digər şərti ondan ibarətdir ki, tamaşada iştirak edən aktyorların sayı 5 nəfərdən artıq olmamalıdır. Festivalda iştirakla bağlı məhdudiyyət yoxdur.
Festival fevralın 4-də start götürəcək.
Qusar Dövlət Ləzgi Dram Teatrı festivala hazırlaşmaqla yanaşı, balacalar üçün nəzərdə tutulan “Qış nağılı” və 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan “Əsir qadın” tamaşalarının məşqlərini də davam etdirir.