REGİONLAR


Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına Milli Teatr Günü hədiyyəsi VİDEO

Qusar, 7 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 7-də Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına Milli Teatr Gününə həsr olunmuş xüsusi tamaşa təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Mədəniyyət Sarayında nümayiş olunan tamaşaya “Leyli və Məcnun”, “Şəbu Hicran”, “Molla Nəsrəddinin lətifələri” və başqa sevilən səhnə əsərlərindən ibarət parçalar daxil edilib.

Yaradıcı kollektiv bu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar səhnə əsərində Nəsimi obrazı da canlandırıb. Səhnə əsərində, həmçinin milli rəqslər, Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər də yer alıb.

Tamaşadan əvvəl teatrın bədii rəhbəri Faiq Qardaşov ölkəmizdə teatrın inkişaf tarixindən danışıb. Bildirilib ki, bu gün yaranmasının 146-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.

Qeyd edilib ki, 29 il əvvəl yaradılan teatr regionda bu sənətin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə nailiyyət qazanıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir.

Azərbaycan teatrının yaranmasının 146-cı ildönümü münasibətilə hazırlanan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Səhnə əsəri ilə yanaşı tamaşaçılara Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyətini və bu illər ərzində qazandığı uğurları özündə əks etdirən sərgi də nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.