REGİONLAR
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi aparılır VİDEO
Bakı, 21 iyul, AZƏRTAC
“Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər davam etdirilir. Tikinti işlərinin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulur.
“Azəravtoyol” ASC–nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol yatağının eni 11 metrə çatdırılıb. Buraya 7 metr enində yolun hərəkət hissəsi, 0,5 metr enində bərkidici zolaqlar və 1,5 metr enində çiyinlər daxildir. Hazırda torpaq işləri yekunlaşdırılaraq yolun asfaltlanması həyata keçirilir. Ümumilikdə 200 min kvadratmetr sahəyə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Yolun yenidən qurulması layihəsi çərçivəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud su boruları və su keçidləri bərpa olunub, zəruri olan yerlərdə yeni boruların salınması işləri aparılıb. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 kilometr uzunluğunda beton küvetlər və 500 metr uzunluğunda beton arxlar tikilib, sözügedən kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədilə 200 metrdən çox istinad divarları inşa edilib.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min poqonmetr uzunluğunda, 1,5 metr enində yeni piyada səkiləri tikilib, kənarlarına səki daşları düzülüb. Bundan başqa, yolun 9 və 14-cü kilometrlik hissələrində yerləşən, uzunluqları müvafiq olaraq 12 və 10 metr, enləri isə 7 metr olan mövcud körpülər təmir edilib, bəndlərin bərkidilməsi və su nizamlayıcı qurğuların tikintisi işləri aparılıb.
İşlər bitdikdən sonra avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının və üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat, maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.