REGİONLAR
Qusar Peşə Liseyində turizm-xidmət sahəsi üzrə ixtisaslı kadrlar hazırlanır VİDEO
Qusar, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi məqsədilə Qusar Peşə Liseyində yeni ixtisaslar açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, liseydə yeni açılan turizmdə təsərrüfat işləri üzrə nəzarətçi ixtisası üzrə 23 şagird təhsil alır. Bu ixtisas və aşpazlıq peşəsi üzrə təhsil alanlar Şahdağ Turizm Mərkəzində təcrübə keçirlər. Şagirdlər yerli və xarici mütəxəssislərin iştirakı ilə otelçilik, fəal istirahət, qidalanma, səyahət və turizmə dair təlimlərdə iştirak edirlər.
Qusar Peşə Liseyinin direktoru İmaməddin Zəkiyev bildirib ki, turizm-xidmət sahəsi ilə əlaqədar yaradılan yeni ixtisas üzrə təhsil alan şagirdlər Şahdağ Turizm Mərkəzində, eləcə də digər böyük turizm obyektlərində işlə təmin olunacaqlar. Mövcud tələbat nəzərə alınaraq ofisiant, barmen, bufetçi, dağ-xizək turizm növü üzrə bələdçi ixtisasları üzrə tədris siniflərinin yaradılması nəzərdə tutulub.
Hazırda peşə liseyinə təhsil almağa gələn şagirdlər arasında aşpazlıq, kompüter operatoru və ustası, elektrik avadanlıqlarına xidmət və elektrik peşələri üzrə mütəxəssis olmaq istəyənlər daha çoxdur.