REGİONLAR
Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Qusar rayonunda 12,5 kilometr uzunluğunda, 4 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı şəkildə yenidən qurması işləri yekunlaşır.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də icra olunub. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri yerinə yetirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq, yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri 75 min kvadratmetr sahədə aparılır. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol çiyinlərinin bərkidilməsi işləri də həyata keçirilir. Sözügedən işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə icra olunur.
Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minədək əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdıracaq.