REGİONLAR


Qusar mətbəxinin ən dadlı təamı skan və ya məşhur ləzgi pizzası VİDEO

Qusar, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC

Şəkidə piti, Lənkəranda ləvəngi nə qədər məşhurdursa, Qusarda da skan bir o qədər sevilir. Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Tək qusarlılar yox bütün şimal rayonlarının sakinləri qış aylarında bu kalorili yeməyi tez-tez bişirirlər.

AZƏRTAC-ın bölgə müxbiri Qusarın Həsənqala kəndində Zəkiyevlər ailəsinində skanın bişirilməsi qaydası ilə tanış olub, məşhur ləzgi yeməyinin dadına baxıb.

Qusarda skan bişirilməsinə xüsusi mərasim kimi yanaşılır. Evin xanımı Rəhilə Zəkiyevə skanı ən yaxın rəfiqəsi və qonşusu Ədilə Allahverdiyeva ilə birlikdə bişirir.

Qusarda skanın onlarla növü var. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə dadları fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanır.

Skanın hazırlanması üçün un, yağ, qoyun və ya mal əti, kartof, soğan, duz, istiot və zövqə görə başqa ədviyyələr tələb olunur. Əvvəlcə un, su, duz qatılaraq xəmir yoğurulur. Həmin xəmirdən skanın alt və üst qatına döşənəcək fəsəlinin yağlı kündələri hazırlanır. Kündələrdən biri yayılaraq skan bişirilən qabın içinə döşənir. Bundan hazırlanmış içlik qabdakı fəsəlinin üstünə yayılır. İçliyin üzərinə ikinci fəsəli döşənərək kənarları birləşdirilir. Bundan sonra skan bişirilmək üçün sobaya qoyulur və yarım saat ərzində bişir.

“Skanın müxtəlif növləri var. Əsas fərq içlikdə olur. Biz daha çox ət, soğan, çiy kartof, göyərti, duz və istiotdan istifadə edirik. Zövqə görə müxtəlif ədvalar qatıla bilər. Məsələn biz bu gün kəklikotu da əlavə etmişik. Ən əsası skanın alt və üst qatı fəsəlidən olanda çox dadlı olur. Bəziləri ətdən istifadə etmir. Əvəzində əvəlik qatılır. Əvəliklə Dağıstanda daha çox bişirilir. Bizdə isə ət və kartofla. Çox kalorili, doyumlu yeməkdir”,- deyə uzun illərin aşpazı Ədilə Allahverdiyeva söyləyir.

Yeməyə el arasında skan piroqu və ya ləzgi pizzası da deyirlər. Yeməyin adı ləzgi dilində “çın-kan” yəni “odun üstü” mənasını verir. Göbələkli, lobyalı, pendirli, qozlu skanlar da var. Bu cür skanları adətən restoranlarda bişirirlər. Evlərdə isə skanın klassik növü (ət və kartofla) bişirilir.

“Ləzgi yeməyi kimi məşhurlaşsa da indi skanı şimal bölgəsində hamı bişirir. Mənə dadlı skan bişirməyi anam öyrədib. Əziz qonaqlarımız gələndə skan süfrəmizin bəzəyidir. Bol ətlə olan skan daha çox sevilir. Mal həm də qoyun ətindən istifadə etmək olar. Bir skan 5 nəfərlik ailənin yeməyi üçün bəs edir. Yay aylarında xərəkdə bişiririk. Qışda isə evdə sobada. Qusara qonaq gələnlər mütləq bu dadlı yeməyin dadına baxsınlar”,- deyə Rəhilə Zəkiyevə bildirib.

Qusarda qohumunuz, tanışınız yoxdursa skanı bu rayondakı istənilən restoranda sifariş verə bilərsiniz. Turistlər tərəfindən böyük təlabat olduğundan skan bütün restoranların menyusuna daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.