REGİONLAR
Qusar rayonu Urva kəndinin sakinləri Fövqəladə Hallar Nazirliyinin inşa etdiyi yeni evlərə köçüblər VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
Qusar rayonunun Urva kəndi ərazisində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən inşa edilmiş 15 fərdi yaşayış evi avqustun 14-də istifadəyə verilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən mərasimdə nazirliyin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Şahin Mirzəyev mərasimdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən məqsədyönlü sosial siyasət nəticəsində ölkə əhalisinin həyat səviyyəsinin yüksəldiyini bildirib. O, təbii fəlakət nəticəsində evləri zərər görmüş kənd sakinləri üçün mənzillərin istifadəyə verilməsini bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Urva kəndində 2009-cu ildə baş vermiş torpaq sürüşməsinin 2010-cu ildə yenidən fəallaşması nəticəsində evlər qəzalı vəziyyətə düşmüşdü. Kənd rayon mərkəzindən 10 kilometr məsafədə və dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşdiyindən xüsusilə payız-qış aylarında tikinti materiallarının daşınmasında bəzi çətinliklər yaranmışdı. Buna baxmayaraq, FHN-in əməkdaşları tikinti işlərini vaxtında və uğurla başa çatdırıblar. Yeni tikilmiş 15 evin inşaat işləri yüksək səviyyədə həyata keçirilib və müasir tələblərə tam cavab verir.
Kənd sakinləri çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.