CƏMİYYƏT
Qusar rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 22 iyul, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avaran kənd sakini, əvvəllər məhkum olunmuş Telman Osmanov saxlanılıb.
Onun üzərinə baxış keçirilən ümumi çəkisi 4,015 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq T.Osmanovun yaşadığı evin yaxınlığında ona məxsus sahəyə baxış keçirilən zaman gizli şəkildə kultivasiya yolu ilə yetişdirilən 55 ədəd çətənə kolu aşkar edilib.
T.Osmanov ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.