REGİONLAR
Qusar rayonunun Hil kəndi içməli su ilə təmin olunub VİDEO
Qusar, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Hil kəndinin su təchizatı sistemi yenilənib və yaşayış məntəqəsi təmiz, içməli su ilə təmin olunub. Kənddə tikinti işləri Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” vasitəsilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, avqustun 8-də “Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin icrasının başa çatması münasibətilə təşkil olunan mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Məclisin deputatı Azər Badamov, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, layihə çərçivəsində 7,7 kilometr su borusu çəkilib, su anbarı, 72 ton həcmində rezervuar və 2 su bulağından ibarət yeni su təchizatı sistemi qurulub. Ümumi dəyəri 83 min 320 ABŞ dolları olan layihədən kəndin 3 mindən çox sakini faydalanacaq.
Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori bildirib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümüdür. Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafında çox maraqlıdır və bu nöqteyi-nəzərdən özünün ODA proqramı vasitəsilə ölkənin infrastrukturunun və insan resurslarının daha da inkişaf etdirilməsi üçün dəstək verir.
“Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi bu ilin mart ayında Yaponiyanın Azərbaycandakı səfirliyi və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi arasında imzalanıb.
Bu, Qusar rayonunda Yaponiya hökumətinin dəstəyi ilə icra olunan dördüncü layihədir. Bundan əvvəl Qusar şəhər 5 nömrəli məktəb binasının bərpası, Piral və Yasab kəndlərində su təchizatı sisteminin tikintisi həyata keçirilib.