CƏMİYYƏT
Qusar rayonunun Qalacıq kəndində ağacları kəsən şəxs cəzalandırılıb
Bakı, 20 iyun, AZƏRTAC
Qusar rayonunun Qalacıq kəndi yaxınlığında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında aparılan araşdırma yekunlaşıb. Araşdırma zamanı məlum olub ki, Qalacıq kəndinə bitişik meşə fondunun açıq sahəsində aqrobağların salındığı sahə ilə həmsərhəd olan bələdiyyə torpağında ağaclar Qusar rayon sakini Məhəmməd Tahirov tərəfindən kəsilib. Faktla bağlı təqsirkar şəxsin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Qeyd edib ki, bir müddət əvvəl həmin ərazidə ağac kəsintisi faktı müəyyən edilib və təqsirkarın aşkarlanması üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Həmçinin daxil olan məlumatla bağlı vaxtında tədbir görülmədiyinə görə, Regional Ekologiya İdarəsinin rəhbərliyi barəsində intizam tənbehi tədbiri görülüb.
Xidmət rəisinin sözlərinə görə, eyni zamanda, sosial şəbəkədə Qalacıq kəndinin Bəbirqala adlanan sahəsində ağacların kəsiləcəyi ilə bağlı yayılan məlumat da araşdırılıb. Həmin ərazidə ağac kəsintisinin olmadığı müəyyənləşib və gələcəkdə hər hansı fəaliyyətin həyata keçiriləcəyi barədə deyilənlər təsdiqini tapmayıb.
H.Əlizadə yaşıllıqlara həssas münasibət göstərən, belə məsələlərin işıqlandırılmasında nazirliyə kömək edən ictimai fəallara minnətdarlığını bildirib.