REGİONLAR
Qusara gələn turistlər açıq havada keçirilən mütaliə aksiyasına cəlb olunub VİDEO
Qusar, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 20-də Qusarda açıq havada təşkil olunan “Oxu günü” çərçivəsindən yerli sakinlər və rayona gələn turistlərə 500-dən çox kitab təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayondakı “Şahdağ” Turizm Mərkəzinə aparan əsas turizm marşrutu üzərində təşkil olunan aksiya zamanı çoxsaylı qonaqlara gün ərzində çay süfrəsi arxasında mütaliə etmək imkanı yaradılıb. Mütaliənin maraqlı olması üçün kitabxana işçiləri tərəfindən müsabiqələr və viktorinalar keçirilərək fərqlənən oxuculara kitab və jurnallar hədiyyə verilib.
Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bu təşəbbüsü oxucuların mütaliə və informasiya mədəniyyətini formalaşdırmaq, əhalinin mütaliə həvəsini yüksəltmək məqsədi daşıyır.
Rayonun Çiləgir kəndində açıq havada təşkil olunan “Oxu günü” aksiyasında 12 müxtəlif mövzuda kitab sərgiləri təşkil edilib. Kitabxana işçiləri burada istirahət edən sakinlərə yeni kitablar nümayiş etdirib, onlar haqqında geniş məlumat veriblər.
Mərkəzi kitabxananın direktoru Zahir Mustafayev bildirib ki, layihənin reallaşmasında Qusar MKS-nin Urva və Çiləgir kənd filiallarının əməkdaşları böyük əmək sərf edib. Bundan əvvəl açıq havada belə orijinal və maraqlı aksiya Qusar mədəniyyət və istirahət parkında təşkil olunub. Maraqla qarşılandığından “Oxu gün”lərinin müntəzəm olaraq keçirilməsi nəzərdə tutulub.