REGİONLAR
Qusarda 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə başlanılıb VİDEO
Qusar, 1 may, Elxan Yusifli, AZƏRTAC
Qusarda səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 40 kilometrdir.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsində əmələ gələn qabarmalar, çalalar nəqliyyat vasitələrinin hərəkəti üçün çətinliklər yaradırdı.
Hazırda yeni yol yatağının inşası işləri həyata keçirilir. Yolun eni 10 metrə qədər genişləndirilir.
Yeni tikilən yola iyun ayında asfalt döşənməsi nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə həyata keçirilir. İşlərin vaxtında başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilir. Yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.