REGİONLAR
Qusarda 3279 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub VİDEO
Qusar, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi ümumilikdə, 3 min 279 vətəndaş COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
Xəstəxananın şöbə müdiri Natəvan Butayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilkin mərhələdə könüllülük əsasında 487 tibb işçisi peyvənd edilib. Səhiyyə işçilərinə artıq peyvəndin ikinci dozası da vurulub.
Peyvənd olunanlar arasında 65 yaşdan yuxarı 1240 nəfər, 50-65 yaş arası 1526 nəfər, 50 yaşdan aşağı isə 513 nəfər təşkil edir.
Natəvan Butayeva bildirib ki, xəstəxanadakı vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
Xəstəxanalarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.