MƏDƏNİYYƏT
Qusarda Avropada analoqu olmayan istirahət kompleksi tikilir
Qusar, 22 dekabr (AZƏRTAC). Qusar rayonu ərazisində inşa olunan Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin birinci mərhələsi başa çatmaq üzrədir.
Kompleksdə kanat yollarının konstruksiyası, xizək yolları, süni qar yaradan generatorlar artıq hazırdır. Otel və digər xidmət mərkəzlərinin tikinti işləri isə davam edir.
Burada inşa olunan tikililər 9 bal gücündə zəlzələyə davamlıdır. Gələn ilin sonlarında 600-1200 metr uzunluğunda olan 2 kanat yolunun tam hazır olması planlaşdırılmışdır. Xizək yollarının hamarlaşdırılması işi də son mərhələyə yaxınlaşır.
Kompleks iki hissədən - yuxarı və aşağı bazadan ibarətdir. Avropada analoqu olmayan bu kompleks ümumilikdə 2000 hektar ərazini əhatə edir. Kompleksin ən aşağı hissəsi dəniz səviyyəsindən 1435 metr, ən yüksək nöqtəsi isə 2450 metr hündürlükdə yerləşir. Ən yüksək nöqtədə 300 nəfərlik restoran tikiləcəkdir.
Qusar rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Ş.Sarıxanov AZƏRTAC-a bildirmişdir ki, əraziyə qaz xəttinin çəkilişi yekunlaşdırılmışdır. Gələcəkdə içməli su xətlərinin çəkilməsi və mərkəzləşdirilmiş istilik sisteminin quraşdırılması nəzərdə tutulmuşdur. Kompleksin tam hazır olub istifadəyə verilməsi isə 8-10 ilə başa gələcəkdir.