CƏMİYYƏT
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində dekabrın 6-dan 9-dək Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Qusar rayonunda keçirilən düşərgədə 300 fəal könüllü iştirak edib.
Düşərgənin ilk günündə Quba Soyqırımı Memorial Kompleksinə infotur təşkil olunub. 1918-ci ildə bolşevik-daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar barədə iştirakçılara məlumat verilib.
Üç gün davam edən düşərgədə gənc könüllülər üçün müxtəlif təlimlər, panel sessiyaları, intellektual və əyləncəli oyunlar, görüşlər olub. Könüllülər tədbirlərdə həvəslə iştirak edib, şəxsi inkişaf və əyləncə şansından maksimum şəkildə yararlanmağa çalışıblar.
Görüşlərdə gənclərin qonaqları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Agentliyin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov olublar. Tanınmış fotoqraflar Vahid Həsənov və Vüqar İbadovla görüşlər və maraqlı söhbətlər də gənclər üçün çox maraqlı keçib.