REGİONLAR
Qusarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun xatirəsi anılıb
Qusar, 24 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 24-ü Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Qusarda keçirilən anım mərasimində rayon rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət ediblər.
Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Qəhrəman Çingiz Qurbanovun doğum günü münasibətilə “Çingiz dastanı” tamaşasını təqdim edib. Əsərdə cəmi 22 il ömür sürən Çingiz Qurbanovun böyük şücaət, igidlik göstərərək xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazmasından bəhs edilir.
Milli Qəhrəman Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.