REGİONLAR


Qusarda Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 28 iyun, AZƏRTAC 

Regionların İnkişafı Dövlət Proqramına uyğun olaraq, Qusar rayonu ərazisindəki uzunluğu 21 kilometr olan Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yolboyu deformasiyaya uğramış hissələr 1400 min kubmetr həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 3100 kubmetr həcmdə yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün dağ yamacları kəsilib, yolun torpaq yatağı genişləndirilib.

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 170 min kvadratmetr sahədə yol əsasın alt və üst layının 22 santimetr qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə, iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 124 min kvadratmetr sahəni əhatə edəcək. 42 min kvadratmetr sahədə isə optimal çınqıl qarışığından 10 santimetr qalınlığında bərkidilməsi, həmçinin 180 kvadratmetr giriş-çıxış yolunun təmiri işləri aparılacaq.

Layihə çərçivəsində, zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.

Yolboyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 60 poqonmetr uzunluğunda və diametri 0,7 metr olan yeni dəmir-beton boruların quraşdırılması işləri də aparılır.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 76 ədəd yol nişanı və məlumatverici lövhə, 21 kilometr göstəricisi, 680 ədəd siqnal dirəkləri quraşdırılacaq, 63 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək.

Köhnə Xudat-Həzrə avtomobil yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 21,5 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.