REGİONLAR
Qusarda Kuzunqışlaq kəndində elektrik nasos stansiyası inşa edilir VİDEO
Qusar, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda son illər ərazisində 41 subartezian quyusu qazılıb. Onların 9-u ötən il istifadəyə verilib. Cari ildə isə daha 3 subartezian quyusunun istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qusar rayonunda əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri görülür. Bu məqsədlə torpaq məcralı kanallar lil və kol-kosdan təmizlənir, beton kanalların ətrafında təmizlik işləri aparılır. Həmçinin torpaq məcralı kanallar beton üzlüklə əvəz edilir. Bu da öz növbəsində su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu ilə təmin etməyə imkan verir.
Vaxtında görülən meliorativ tədbirlərin nəticəsidir ki, ötən suvarma mövsümündə təsərrüfat sahibləri sahələrini suvarmaqda heç bir çətinlik yaşamayıblar. Fermerlərin su ilə təminatında subartezian quyularının da xüsusi rolu var.
Qusar rayonunda 29 min 300 hektar suvarılan ərazi mövcuddur. Bu sahələr 1579 kilometr uzunluğunda olan kanallar vasitəsilə suvarılır. Bu kanalların 1381 kilometri torpaq, 187 kilometri isə beton məcralıdır. Hazırda bağ və əkin sahələrinin su təminatının yaxşılaşdırılası məqsədilə rayonun Kuzunqışlaq kəndində elektrik nasos stansiyası inşa edilir. Nasos stansiyası istifadəyə verildikdən sonra qeyd olunan ərazidə suvarma təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq.