CƏMİYYƏT
Qusarda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzində "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri və rayon ictimaiyyəti iştirak edib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Ş.Alxasov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin başlıca məqsədi Azərbaycanda dinlər arasında mövcud olan tolerant mühitini qoruyub saxlamaqdır. O qeyd edib ki, hazırda ölkəmizdə, o cümlədən Qusar rayonunda dini sabitliyin hökm sürməsi həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədə geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət-din münasibətlərinin başlıca amalı ölkə vətəndaşlarının sərbəst şəkildə öz dini inanclarını yerinə yetirməsidir. Digər bir məsələ isə ölkəmizdəki sabit dini durumun pozulmasına çalışan neqativ halların qarşısının maksimum dərəcədə alınmasıdır. O xüsusi vurğulayıb ki, Azərbaycan dövləti dini sahədə qarşısına qoyduğu bütün məsələləri vaxtında və düzgün həll edir. S.Salahlı çıxışında dini icmaların üzərinə düşən məsuliyyətə toxunaraq qeyd edib ki, dini icmaların rəhbərləri və icma üzvləri yerlərdə fəal iş aparmaqla əhalini dini sahədə maarifləndirməlidir. İnsanların radikallığa meyillənməsinin əsas səbəbinin dini savadsızlığın olduğunu diqqətə çatdıran sədrin birinci müavini bildirib ki, bu məsələdə hər kəs dini icmalara kömək etməlidir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar rayon şöbəsinin rəisi Xəyyam Məhərrəmov çıxışında dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə tədbirləri barədə danışıb.
Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev bildirib ki, rayonun təhsil müəssisələrində Təhsil Nazirliyinin xətti ilə dini maarifləndirmə sahəsində çoxsaylı tədbirlər həyata keçirilib. Hazırda da bu sahədə işlər davam etdirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.