REGİONLAR
Qusarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib
Qusar, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda "Təmiz hava" aylığı çərçivəsində keçirilən reydlər zamanı atmosferi çirkləndirən avtomobillərin sürücülərinə qarşı qanunamüvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reydlərdə Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, həmçinin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları iştirak ediblər.
Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobillərin sürücüləri barədə qanunamüvafiq tədbirlər görülüb.
Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.