CƏMİYYƏT
Qusarda beş gün ərzində səyyar “ASAN xidmət”dən 1000-dən artıq vətəndaş yararlanıb VİDEO
Qusar, 26 iyul (AZƏRTAC, Elxan Yusifli). Xəbər verdiyimiz kimi, səyyar “ASAN xidmət” iyulun 22-dən başlayaraq Qusar rayonunda fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, 5 gün ərzində Qusar, Quba və Xaçmaz rayonlarından olan 1000 nəfərdən çox sakin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanıb.
Şimal bölgəsinin vətəndaşları “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi ilə bağlı müraciət edib.
Agentlikdən bildirilib ki, müqəddəs Ramazan bayramı ilə əlaqədar iyulun 28-i və 29-da səyyar “ASAN xidmət”in Qusarda fəaliyyətinə müvəqqəti fasilə veriləcək.
Ümumilikdə isə avqustun 2-dək bu regionun 3 rayonunun 415 mindən artıq sakini üçün “ASAN xidmət”dən yararlanmaq imkanı yaradılıb.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu ilin dekabr ayınadək səyyar “ASAN xidmət” vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin göstərilməsi nəzərdə tutulub.