REGİONLAR
Qusarda dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yaşayan sakinlər yeni evlərə köçməyin sevincini yaşayıblar VİDEO
Qusar, 27 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 27-də Qusar rayonunun Qənərçay kəndində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tikilən yeni evlər sahiblərinə təhvil verilib.
Dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən Sudur inzibati ərazi dairəsinə daxil olan Qənərçay kəndində torpaq sürüşməsi 2008-ci il iyulun 8-də baş verib.
AZƏRTAC xəbər verir ki, Qənərçay kəndində yeni evlərin sahiblərinə təhvil verilməsi münasibətilə təşkil olunan mərasimdə FHN-in, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, Qənərçay kəndində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün 16 fərdi yaşayış evi inşa olunub. İstifadəyə verilən yaşayış evlərinin 7-si 2 otaqlı, bir o qədəri 3 otaqlı, 1-i 4, 1-i isə 5 otaqlıdır. Tikilən 16 evlə yanaşı, hər vətəndaş üçün 6 sot torpaq sahəsi də ayrılıb.
FHN-in Şimal Regional Mərkəzinin rəisi Şahin İsrafilov yeni evlərin sahiblərini təbrik edərək bildirib ki, tikinti işləri yüksək səviyyədə həyata keçirilib və yaşayış evləri müasir tələblərə tam cavab verir. O diqqətə çatdırıb ki, kənd rayon mərkəzindən 62 kilometr uzaqlıqda və dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşdiyinə görə tikinti materiallarının daşınması zamanı bəzi çətinliklər yaranıb. Buna baxmayaraq, FHN-in vəsaiti hesabına həyata keçirilən tikinti işləri uğurla başa çatdırılıb.
Bayramlar ərəfəsində yeni evlərə köçdüklərinə görə çox xoşbəxt olduqlarını bildirən sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür ediblər.
Tədbirdə bildirilib ki, Qusarın Urva kəndində torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən sakinlər üçün tikilən evlər də yaxın günlərdə istifadə veriləcək.
Mərasimdə yeni evlərin açarları sahiblərinə təqdim edilib və tədbir iştirakçıları mənzillərlə tanış olublar.