REGİONLAR
Qusarda keçirilən əmək yarmarkasında işaxtaranlara 200-dən çox boş iş yeri təklif edilib VİDEO
Qusar, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Qusar şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 20-dən çox idarə, müəssisə və təşkilatdan 209 vakant iş yeri çıxarılıb.
Vakant iş yerləri təqdim edən qurumlar arasında dövlət idarələri ilə yanaşı, özəl müəssisələr və fiziki şəxslər də yer alıb. Təklif edilən işlərə görə əməkhaqqı 110-500 manat arasında olub.
Yarmarkada 55 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib. Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.