REGİONLAR
Qusarda keçirilən humanitar aksiyada 200-ə yaxın donor könüllü qan verib VİDEO
Qusar, 31 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 31-də Qusar rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 200-ə yaxın könüllü donordan qan götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.
Qusar Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.