CƏMİYYƏT
Qusarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 19 iyul, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsi (RPŞ) Şahdağ polis bölməsinin (PB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şahdağ PB-yə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Camo Harunov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kibrit qutusunun içində ümumi çəkisi 6,17 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən C.Harunovun idarə etdiyi “Opel” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən isə əlavə olaraq 295 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.