REGİONLAR
Qusarda sahibkarlar lizinq yolu ilə Avstriyadan 300 başa yaxın cins iribuynuzlu heyvan gətiriblər VİDEO
Qusar, 3 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayona sahibkarlar tərəfindən lizinq yolu ilə 289 baş südlük istiqamətli cins iribuynuzlu heyvan gətirilib.
Avstriyadan gətirilən heyvanlarda karantin tədbirləri çərçivəsində bruselyoz, leykoz və digər xəstəliklərə qarşı seroloji müayinələr aparılıb. Diaqnostik testlər Dövlət Baytarlıq Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilib.
“Simmental” cinsindən olan inəklər rayonun Aşağı İmamqulukənd kəndindəki fərdi təsərrüfatda saxlanılacaq.
Burada çalışan mütəxəssislər qeyd edirlər ki, cins inəklər qısa zamanda kökəlir və daha çox ət verir. Həm süd, həm də ət istehsalında sərfəlidir. “Simmental” cins inəklərin dişisinin ağırlığı 600-650, erkəyinin çəkisi isə 750-800 kiloqrama çatır. Bu inəklər bir laktasiya dövründə 4-4,5 ton süd verə bilir. “Simmental” cinsi həm də sağlam, dözümlü və uzunömürlü olması ilə seçilir. Ağ-qara rənglərdə olan “Holşteyn-friz” cinsi isə daha iri inəklərdir və bir laktasiya dövründə 10-12 ton süd vermək qabiliyyətinə malikdir. Süddəki yağlılıq isə 3,6 faizə bərabərdir.
Ümumilikdə, Qusarın heyvandarlıq təsərrüfatlarında 40 mindən çox iribuynuzlu, 82 min 327 xırdabuynuzlu heyvan saxlanılır.