REGİONLAR
Qusarda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib
Qusar, 15 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda kənd təsərrüfatına qoyulan investisiyalar əsasən yeni meyvə bağlarının salınmasına, müasir suvarma sistemlərinin qurulmasına, texnikaların alınmasına, soyuducu meyvə anbarlarının tikintisinə, maldarlıq və quşçuluq təsərrüfatlarının yaradılmasına yönəldilib. Kənd təsərrüfatı ilə yanaşı, turizmin inkişafına xidmət edən otel, restoran, istirahət mərkəzlərinin, eləcə də ticarət və xidmət obyektlərinin tikintisi və genişləndirilməsi üzrə də sahibkarlar tərəfindən layihələr həyata keçirilib. Hesabat ilində görülən işlər nəticəsində 1161-i daimi olmaqla, 1324 yeni iş yeri açılıb. 2018-ci ildə 23 hüquqi və 816 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusarda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və fəallar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.
Sonra bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub. Qonaqlara istehsal sahələri və müəssisələri barədə məlumat verilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Məruzədə bildirilib ki, 2018-ci ildə də Qusar rayonunda sahibkarlığın, turizmin, kənd təsərrüfatının, yol infrastrukturunun və digər sahələrin inkişaf etdirilməsi, sosial məsələlərin, sakinlərin məişət problemlərinin həlli istiqamətində bir sıra tədbirlər görülüb.
2018-ci ildə rayondakı sahələrdən 38 min 209 ton buğda, 14 min 242 ton arpa əldə edilib. Həmçinin rayon təsərrüfatçıları tərəfindən 30 min 507 ton kartof, 21 min 836 ton tərəvəz, 3 min 397 ton meyvə, 377 ton qarğıdalı, 492 ton digər paxlalı bitki məhsulları toplanıb.
Məruzədə bildirilib ki, kənd təsərrüfatının, xüsusilə bağçılığın inkişaf etdirilməsi ilə bağlı aparılan tədbirlər sayəsində rayonda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib.
Hesabat ilində Quxuroba, Balaqusar, Həsənqala, Qalacıq, Gedəzeyxur kəndlərində artezian quyularının qazıntı işləri aparılıb. Yaxın vaxtlarda həmin 5 artezian sakinlərin istifadəsinə veriləcək. 2019-cu ildə daha 5 kənddə artezian quyularının qazılması nəzərdə tutulur.
Məruzədə vurğulanıb ki, 2018-ci ildə Piral və Cibir kəndləri qazlaşdırılaraq 860 evə təbii qaz verilib. Bu il rayonda daha 3 kəndin qazlaşdırılması, şəhərin yeni yaşayış massivlərində və 8 kənddə təzə məhəllələrdə qaz xətlərinin çəkilməsi və 3 kənddə istismara yararsız vəziyyətə düşən xətlərin dəyişdirilməsi nəzərdə tutulur.
Hesabat dövründə 21,5 kilometrlik Köhnə Xudat-Həzrə, 38 kilometrlik Qusar-Əniğ-Ləzə və Qusar-Xudat yolunun qalan 12 kilometrlik hissəsi, Qusar-Xudat yolundan ayrılan Şirvanlı yolunun Quxuroba kəndindən keçən hissəsi əsaslı təmir edilərək istifadəyə verilib.
Rayonda təhsil müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində də işlər görülüb. Bu tədris ilinin əvvəlində Suduroba və Yuxarı Tahircal kəndlərində yeni məktəb binaları istifadəyə verilib, Ləcət, Zindan Muruq Qışlaq və Yeni Həyat kəndlərində modul tipli məktəb binalarının quraşdırılması isə davam etdirilir.
Hesabat dövründə əhalinin aztəminatlı təbəqəsi və onların sosial problemləri diqqətdə saxlanılıb. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun və daha iki şəhid ailəsi, eləcə də bir nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatı Azər Badamov və başqaları hesabat yığıncağındakı çıxışlarında Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.