REGİONLAR
Qusarda taxıl biçini bir həftə ərzində başa çatdırılacaq VİDEO
Qusar, 25 iyul, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda biçin kampaniyası sürətlə davam edir. Hava şəraiti əlverişli olarsa, biçinin yaxın bir həftə ərzində başa çatdırılması nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 50-dən çox taxılbiçən kombayn vasitəsilə aparılır.
Bu günə kimi rayonun taxıl zəmilərində 13 min 500 hektar sahədə buğda, 5 min 250 hektar ərazidə isə arpa biçini yerinə yetirilib.
Piral və Cibir Qusarda taxıl zəmilərinin bol olduğu kəndlərdəndir. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər. Bu yaşayış məntəqələrində, ümumilikdə, 2 min 100 hektar buğda, 300 hektar arpa sahələri var. Arpanın ardından buğdanın biçini də yekunlaşmaq üzrədir. Ötən müddət ərzində 1800 hektar ərazidə buğda biçini aparılıb.
Qusarlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Taxılın indiki satış qiyməti də təsərrüfatçıları qane edir.
Qusarda bu ilin məhsulu üçün 17 min 515 hektar arpa, 6 min 500 hektar buğda əkilib.