REGİONLAR
Qusarda yaradılan folklor kollektivi qədim el adətlərini yaşadır VİDEO
Qusar, 13 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusarda yaradılan yeni folklor kollektivi üzvlərinin sayını 20-dək artıracaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı ildən Qusar Dövlət Ləzgi Dram Teatrının nəzdində fəaliyyət göstərən qrup hazırda 8 nəfərdən ibarətdir. Folklor kollektivi “Didear” adlandırılıb ki, bu da ləzgi dilindən tərcümədə analar deməkdir.
Folklor kollektivi rəngarəng musiqilər təqdim etməklə yanaşı, eyni zamanda, Qusar rayonuna məxsus qədim el sənətkarlıq nümunələrinin təbliğini də həyata keçirir.
Kollektivin üzvlərinin bəziləri teatrın əməkdaşlarıdır. Hazırda qrupa yeni ifaçıların cəlb olunması üçün iş aparılır.
Musiqi qrupunun rəhbəri Şəhla Atlıxanova bildirib ki, qrupun repertuarına əsasən ləzgilərə məxsus unudulmaqda olan qədim musiqilər, el nəğmələri və vətənpərvərlik ruhlu ifalar salınıb. Artıq 20-yə yaxın mahnı təqdimat üçün hazırdır.
Kollektivin üzvü Tamara Məmmədova hazırladıqları musiqi nömrələrinin tamaşaçılar tərəfindən maraqla qarşılandığını deyir.
“Yeni mahnılar yazılır, yeni təqdimatlar hazırlayırıq. Gözəl adət-ənənələrimiz var, onları yaşatmaq borcumuzdur. Bizə əcdadlarımızdan miras qalan bu sərvəti yaşatmalı və gələcək nəsillərə çatdırmalıyıq”, - deyə musiqi qrupunun rəhbəri qeyd edib.
Kollektiv Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bir sıra mədəniyyət tədbirlərində Qusar rayonunu təmsil edib.