REGİONLAR
Qusarda yem emalı müəssisəsi istifadəyə verilib VİDEO
Qusar, 28 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 28-də Qusar rayonunun Gədəzeyxur kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş mərasimdə bildirilib ki, yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 tona çatan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.
KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ənvər Balabəyov, SEDA layihəsi üzrə menecer Əhməd Məmmədzadə və kənd sakinləri çıxışlarında belə müəssisələrin bölgələrdə aqrar sektorun və heyvandarlığın inkişafı, yemə olan tələbatın ödənilməsi və yeni iş yerlərinin açılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Qusar rayonunun Gədəzeyxur kəndindəki yem emalı müəssisəsi Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində istifadəyə verilən sayca 29-cu yem emalı müəssisəsidir.