REGİONLAR
Qusarda yeni folklor kollektivi yaradılıb VİDEO
Qusar, 19 aprel, Elxan Yusifli, AZƏRTAC
2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” seçilən Qusar şəhərində yeni folklor kollektivi yaradılıb.
AZƏRTAC xəbər verir ki, Qusar Dövlət Ləzgi Dram Teatrının nəzdində fəaliyyət göstərən qrup ilk baxışdan Lənkərandakı “Nənələr” folklor kollektivini xatırladır. Yeddi nəfər üzvü olan qrup “Didear” adlandırılıb ki, bu da ləzgi dilindən tərcümədə analar deməkdir.
Kollektiv Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində aprelin 11-də Qusar rayonunun təqdimatında tamaşaçılar qarşısında çıxış edib.
Musiqi qrupunun rəhbəri Şəhla Atlıxanova AZƏRTAC-a müsahibəsində bildirib ki, repertuara əsasən şimal bölgəsində yaşayan milli azlıqlara məxsus unudulmaqda olan qədim musiqilər, el nəğmələri və vətənpərvərlik ruhunda ifalar salınıb. Artıq təqdimat üçün 15-ə yaxın mahnı hazırlanıb.
Folklor kollektiv rəngarəng musiqilər təqdim etməklə yanaşı, eyni zamanda, Qusar rayonuna məxsus qədim el sənətkarlıq nümunələrinin təbliğini də həyata keçirir.
Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, belə bir folklor kollektivin yaradılması əvvəlcədən nəzərdə tutulurdu. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Qusar şəhərinin “Azərbaycanın Folklor Paytaxtı” seçilməsi bu ideyanın reallaşdırılmasını tezləşdirməyə imkan yaradıb.
Folklor kollektivin üzvlərinin bəziləri teatrın əməkdaşlarıdır. Gələcəkdə qrupa yeni ifaçıların cəlb olunması və üzvlərin sayının 20-dək artırılması nəzərdə tutulur.